XOCALI
28
MAY2026
Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC-nin açılışında iştirak etmişdir.
Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı müəssisədə il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaqdır. İlkin mərhələdə burada müxtəlif çeşiddə və ölçülərdə ev tekstili nümunələrinin, o cümlədən yataq dəstlərinin, çarpayı və divan örtüklərinin, dəsmalların və digər məhsulların istehsalı nəzərdə tutulur. Müəssisənin xammal tələbatı əsasən daxili bazar hesabına ödəniləcək, bununla yanaşı, Türkiyə, Özbəkistan və Çindən də xammal idxal olunacaqdır. Burada istehsal olunmuş məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcəkdir.
Müəssisədə 85 nəfər daimi işlə təmin olunmuşdur ki, onların da əsas hissəsini işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlar təşkil edir. Bununla yanaşı, Xocalı və Ağdam rayonlarının 40 sakininin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil edilən ikiaylıq peşə təliminə cəlb olunması nəzərdə tutulmuşdur. Təlim proqramını uğurla başa vuran iştirakçıların müəssisədə işlə təmin olunması planlaşdırılmışdır. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, əlavə olaraq geyim istehsalının təşkili nəzərdə tutulmuşdur.

