Haqqımızda

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoyulmuşdur. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş bütün ərazilərin dirçəlişi prosesi həyata keçirilir. 

Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın müddətdə işğal altında qalması həmin ərazilərdəki tarixi və mədəni irsimiz üçün də fəlakətli fəsadlara səbəb olmuşdur. 1994-cü ildə atəşkəsin elan edilməsindən sonrakı 26 illik dövrün təhlili göstərir ki, Ermənistan tərəfindən Azərbaycan abidələrinin məhv edilməsi hərbi əməliyyatlardan sonrakı dövrdə daha geniş miqyasda aparılmışdır.

Ermənistan Azərbaycana qarşı qanunsuz və əsassız ərazi iddialarını reallaşdırmaq məqsədi ilə 1991-ci ilin sonundan tam miqyaslı müharibəyə başlamış, nəticədə Azərbaycanın təbii sərvətlər və mədəni irsi ilə zəngin olan ərazisinin əhəmiyyətli bir hissəsi işğal edilmişdir. Müharibə nəticəsində on minlərlə insan həyatını itirmiş, şəhərlər, qəsəbələr və kəndlər dağıdılmış, erməni vandalizminə məruz qalmışdır. Bütün işğal olunmuş ərazilərdə 700 mindən çox azərbaycanlı etnik təmizlənməyə məruz qalmış, regionun infrastrukturuna ciddi ziyan vurulmuşdur. 

Ermənistan tərəfindən 700-dən çox tarixi abidə, 22 muzey, o cümlədən 100 min muzey eksponatı, 927 kitabxana, 58 arxeoloji yaşayış məskəni, 26 qala və qala divarı, habelə digər mədəni irs abidələri mənimsənilmiş, məhv və talan edilmişdir.

İşğal nəticəsində bu mirasın məqsədyönlü şəkildə məhv edilməsi siyasəti həm Azərbaycan mədəniyyətinə, həm də dünya sivilizasiyasına bərpası olmayan zərbə vurmuşdur. Ermənistan işğal olunmuş ərazilərdəki yaşayış məntəqələrinin mədəni görkəmini məqsədyönlü şəkildə dəyişdirməklə, abidələri məhv etməklə, memarlıq xüsusiyyətlərini dəyişməklə və arxeoloji qazıntılar aparmaqla bunların Azərbaycan mənşəli olduğunu göstərən əlamətlərini aradan qaldırmaq məqsədi güdmüşdür.

Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabr 2020-ci ildə bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəllərində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başlamışdır. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli Bəyanat nəticəsində 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli fərmanı ilə Qarabağ (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) iqtisadi rayonlarının yeni bölgüsü təsdiqlənmişdir. Hal-hazırda Qarabağ və Şərqi Zəngəzurun sürətli dirçəlişi prosesi gedir.

“Zəfərdən bu günə” informasiya bülleteni işğaldan azad edilmiş ərazilərimizdə gedən dirçəliş prosesi ilə bağlı rəsmi xronikanı özündə əks etdirir.

Azərbaycan, rus, ingilis və ispan dili olmaqla 4 dildə nəşr edilən bülletenin hər sayı 6 aylıq dövrü əhatə edir və ildə 2 dəfə – yanvar və iyul aylarında işıq üzü görür.