CƏBRAYIL
9
MAY2026
“Şəfəq” yarımstansiyasının açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Soltanlı kəndində “Azərenerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışında iştirak etmişdir.
İşğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı Günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq bp şirkəti tərəfindən Cəbrayılda tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün irihəcmli işlər həyata keçirilmişdir.
Bu çərçivədə “Azərenerji” tərəfindən Cəbrayılda 330 kV-luq rəqəmsal yarımstansiya tikilmiş və bu yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün “Cəbrayıl” enerji qovşağına 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilmişdir.
Yarımstansiya müasir rəqəmsal sistemlər, açıq və qapalı paylayıcı qurğular, həmçinin idarəetmə avadanlıqları ilə təchiz edilmişdir. Burada rəqəmsal idarəetmə mərkəzi yaradılmış, məsafədən idarəetməni təmin edən mikro-SCADA dispetçer sistemi qurularaq mərkəzi SCADA sisteminə inteqrasiya olunmuşdur. Yarımstansiyada çalışan işçi heyət əsasən yeni məskunlaşmış yerli əhali arasından seçilmiş və müvafiq təlimlərdən sonra işə cəlb edilmişdir.

