ŞUŞA
14
İyul2026
Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 14-də Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olmuşdur.
Prezident İlham Əliyev qonaqları Qarabağda salamlamaqdan məmnunluğunu ifadə edərək Slovakiya Prezidentinin ölkəyə səfərinin ikitərəfli əməkdaşlığa əlavə təkan verəcəyinə əminliyini bildirmişdir. Dövlət başçısı nümayəndə heyətlərinin geniş tərkibdə təmsil olunmasının Azərbaycan–Slovakiya münasibətlərinin inkişaf dinamikasını əks etdirdiyini vurğulamışdır. Prezident İlham Əliyev Qarabağda aparılan yenidənqurma işlərinin Azərbaycanın əsas prioritetlərindən olduğunu qeyd etmiş, slovak şirkətinin inşa etdiyi “ağıllı kənd” layihəsini iki ölkə arasında uğurlu əməkdaşlığın nümunəsi kimi dəyərləndirmiş və slovak mütəxəssislərin regionun bərpasında iştirakının əhəmiyyətini vurğulamışdır.
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etməkdən məmnunluğunu ifadə etmişdir. O, Şuşada olmaqdan və azad edilmiş ərazilərdə qısa müddətdə həyata keçirilən genişmiqyaslı bərpa və infrastruktur layihələrindən böyük təəssürat aldığını bildirmişdir. Peter Pelleqrini Slovakiyanın Qarabağda həyata keçirilən mühüm layihələrdə iştirakından qürur duyduğunu qeyd edərək slovak şirkət və mütəxəssislərinin gələcək illərdə də yeni layihələrə töhfə verməyə hazır olduqlarını vurğulamışdır.
Görüşdən sonra dövlət başçıları bir-birinə hədiyyələr təqdim etmişdirlər.

