YANVAR – İYUN, 2024

10

May

Şuşada birinci yaşayış kompleksinin açılış mərasimi və şəhərə köçmüş ilk sakinlərlə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etmiş və şəhərə köçmüş ilk sakinlərlə görüşmüşdürlər.

İlkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülmüşdür. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulmuşdur. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.

Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış olaraq Şuşaya ilk köç edən ailələrlə görüşmüşdürlər. Görüş zamanı çıxış edən dövlətimizin başçısı bu tarixi gün münasibətilə şuşalıları ürəkdən təbrik etmişdir. Daha sonra açarların təqdim edilməsi mərasimində dövlətimizin başçısı və birinci xanım mənzillərin açarlarını sakinlərə təqdim etmişdirlər.