İYUL – DEKABR, 2023

21

Dekabr

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olmuşdur.

Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq Aşağı Gövhər Ağa məscidində aparılır. Aşağı Gövhər Ağa məscidi XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmişdir. Tarixi mədəniyyət abidəsi olan Aşağı Gövhər Ağa məscidi işğal dövründə ermənilər tərəfindən vandalizmə məruz qalmışdır. Ötən müddətdə yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə işləri aparmışdırlar. Buna uyğun olaraq “PAŞA Holdinq”in dəstəyi ilə məsciddə bərpa-təmir işləri həyata keçirilir. Bərpa işləri Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislərin nəzarəti ilə aparılır. Ötən müddətdə məscidin minarələri bərpa olunmuş, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilmişdir. Məsciddə bərpa-təmir işləri davam edir.