YANVAR – İYUN, 2022

10

May

Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı Rəqəmsal İdarəetmə Mərkəzini işə salmışdır. İstifadəyə verilən Rəqəmsal İdarəetmə Mərkəzi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisədir. Ənənəvi üçpilləli 35/10-6/0,4kV-luq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dərin girişli ikipilləli 35/0,4kV-luq şəbəkələrlə əvəz edilmişdir.

İlk dəfə Şuşada tətbiq edilən 35/0,4 kV-luq şəbəkələrin Rəqəmsal İdarəetmə Mərkəzi digər yarımstansiyalarla dairəvi əlaqələndirilmə imkanlarına malik olaraq Şuşa şəhərinin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatını təmin edir. Elektroenergetika sahəsində ilk dəfə olaraq, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi yarımstansiyanın qəza hallarında enerji təchizatının təmin edilməsi və yarımstansiyanın xüsusi sərfiyyat tələbatının kompensasiyası üçün alternativ və bərpaolunan enerji mənbəyindən istifadə tətbiq edilmiş, texniki-iqtisadi göstəricilər yüksəldilmiş, avadanlıqların fasiləsiz qidalandırılması təmin olunmuşdur.