ŞUŞA
23
İyun2026
Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olmuşdurlar.
Təməli 2021-ci ildə Azərbaycan Prezidenti tərəfindən qoyulan məscid tarixi şəhərin yeni müasir rəmzi kimi ucalmaqdadır. Zəfər Gününün rəmzi olaraq 8 rəqəmi formasında inşa edilən məscid əsas və inzibati binalardan, o cümlədən kişi və qadın dəstəmazxanalarından ibarət olacaqdır.
Məscidin 73 metr hündürlüyündə inşa olunacaq iki minarəsi Şuşanın ilin on birinci ayında azad edilməsinin rəmzi olaraq 11 rəqəmini təcəssüm etdirəcəkdir. İbadət ocağının binasının xarici səthi isə Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcəkdir. Məscidin tikintisi “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilir.

