CƏBRAYIL
9
MAY2026
Şükürbəyli kəndinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak etmişdirlər.
Şükürbəyli kəndi Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi dairəsində, rayon mərkəzindən 18 kilometr cənub-şərqdə, düzənlik ərazidə yerləşir. Kənd 2020-ci ildə Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. Prezident İlham Əliyev 2023-cü ildə kəndin təməlini qoymuşdur.
Dövlətimizin başçısı kənddə inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışında iştirak etmişdir. İşğaldan azad edilmiş digər ərazilərimizdə istifadəyə verilən yeni məktəblərdə olduğu kimi, bu təhsil müəssisəsində də müəllim və şagirdlər üçün hərtərəfli şərait yaradılmışdır. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri vardır. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları və yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılmışdır.

