CƏBRAYIL
26
MAY2022
“Soltanlı” stansiyasının təməlinin qoyulması
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Horadiz-Ağbənd dəmiryol xəttinin Cəbrayıl rayonu ərazisində “Soltanlı” stansiyasının təməlqoyma mərasimində iştirak etmişdirlər. Prezident İlham Əliyev “Soltanlı” stansiyasının təməlini qoymuşdur.
Təkxətli dəmiryolun uzunluğu 110,4 kilometrdir. Layihəyə əsasən yol boyunca 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunelin, 41 körpünün, 7 yolötürücünün, 300-ə yaxın süni mühəndis qurğusunun, rabitə və işarəvermə sisteminin, elektrik təsərrüfatının tikintisi planlaşdırılır. Yol boyunca 85 kilometr ərazi minalardan təmizlənmişdir və bu proses davam edir. Dəmiryol xəttinin yan yollarla birlikdə 60 kilometrlik hissəsi tamamlanmışdır. Bu məsafədə yük qatarları hərəkət edir. Tikinti işləri Türkiyənin “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkəti tərəfindən həyata keçirilir. Layihənin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

