İYUL – DEKABR, 2023

20

Sentyabr

Prezident İlham Əliyevin xalqa müraciəti

Sentyabrın 19–20-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və ətrafındakı Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr məhv edilmişdir.

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev televiziya vasitəsilə Azərbaycan xalqına müraciət etmişdir. Dövlətimizin başçısı müraciətində antiterror əməliyyatının mahiyyəti və qarşıdakı bir sıra məsələlər haqqında danışaraq antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini tamamilə bərpa etdiyini qeyd etmişdir. Müraciəti zamanı Prezident İlham Əliyev vurğulamışdır: “Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət, sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız, adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaqdır.”

Dövlətimizin başçısı həmçinin sentyabrın 21-də Xankəndidə yaşayan erməni icmasının nümayəndələri ilə Yevlax şəhərində görüş keçiriləyini də qeyd etmişdir. Ali Baş Komandanın sözlərinə görə Yevlax görüşündə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağ ermənilərinin hüquqları, öhdəlikləri, o cümlədən onların mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı məsələlər müzakirə ediləcəkdir.