İYUL – DEKABR, 2023

20

Sentyabr

Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq

Sentyabrın 20-də Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov media nümayəndələri üçün keçirilən brifinqdə çıxış edərək bildirmişdir ki, keçirilən anti-terror tədbirləri çərçivəsində qarşı tərəfə məxsus növbəti hərbi təyinatlı texnika, döyüş mövqeləri və sığınacaqlarının zərərsizləşdirilməsi həyata keçirilmişdir. Bununla bağlı videomateriallar mütəmadi olaraq ictimaiyyətə təqdim olunmuşdur.

Məlumata əsasən Ermənistan silahlı qüvvələri birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçirilmişdir. Eyni zamanda, qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını (PDM) və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilmişdir.

Sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlaması iştirakçılara çatdırılmışdır: “Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirir ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.”