İYUL – DEKABR, 2022

21

Sentyabr

Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını ucaltmışdır. Daha sonra çıxış edən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin sonunda Ermənistanın kapitulyasiya aktına imza atmağa məcbur olduğunu, Azərbaycanın tarixi Zəfərinin təsdiqləndiyini və kapitulyasiya aktı nəticəsində Ermənistanın Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı olduğunu bildirmişdir.

Ölkə başçısının sözlərinə görə Laçın və Kəlbəcər rayonlarının bir hissəsi 44 günlük Vətən müharibəsi dövründə azad edilmişdir. Laçının cənub, Kəlbəcərin şimal hissəsini müzəffər Azərbaycan Ordusu işğalçılardan azad etmişdir. Lakin Laçın şəhəri nəzarətimizdən kənarda qalmışdır. Bunun səbəbi Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yoluna alternativ yolun çəkilməsi olmuşdur. Bir il 8 ay müddətində alternativ yolun tamamlanmasından sonra 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil olmuş və biz Laçın şəhərini qaytarmağa nail olmuşuq.

Prezident İlham Əliyev qeyd etmişdir: “Onu da bildirməliyəm ki, 26 avqust tarixində Laçın şəhəri ilə birlikdə Zabux və Sus kəndləri də işğalçılardan azad edilmişdir. Yəni, bütün bu tarixi biz heç vaxt unutmamalıyıq. Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq.  İndi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək. Artıq buna hazırlıq işləri görülür. Mən avqustun 26-dan dərhal sonra buraya bir neçə qrup göndərmişəm, bütün yaşayış fondunun təhlili, uçotu aparılacaqdır, dəymiş ziyan hesablanacaqdır. Eyni zamanda, təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanacaqdır. Laçın şəhəri, Zabux kəndi, Sus kəndi yenidən qurulacaqdır.

Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaqdır! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!”