İYUL – DEKABR, 2023

25

Avqust

Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olmuşdurlar.

Təməli 2021-ci ildə qoyulmuş Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaqdır. Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilən hava limanı postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaqdır.

Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcəkdir. Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcəkdir. Hava limanı Laçın şəhərindən 30, Şuşadan 70, Kəlbəcərdən isə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcəkdir.