İYUL – DEKABR, 2021

16

Avqust

“Kəlbəcər” yarımstansiyasının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etmişdirlər. Açılış mərasimi zamanı dövlətimizin başçısı yarımstansiyanı işə salmışdır.

Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində müasir avadanlıqlarla təchiz olunaraq inşa edilən yeni yarımstansiyada 80 MVA gücündə yeni transformatorlar quraşdırılmışdır. Yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılmışdır. “Kəlbəcər” yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulmuş və bunun üçün yeni idarəetmə binası tikilmişdir. Burada ən yeni rəqəmsal texnologiyalardan istifadə edilmişdir.

Ermənilər tərəfindən enerji sistemi tamamilə dağıdılan Kəlbəcər rayonuna Daşkəsəndən 70 kilometr məsafədə 110 kV-luq yüksəkgərginlikli ikidövrəli elektrikötürmə xətti çəkilmişdir. Murov dağını aşmaqla çəkilən xəttin bəzi anker dayaqları dəniz səviyyəsindən 3400 metr yüksəklikdə quraşdırılmışdır.