16
Avqust
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı Kəlbəcər rayonunda yerləşən “İstisu” sanatoriyasında aparılacaq bərpa-quruculuq işləri ilə tanış olmuşdurlar.
İstisu kəndinin məşhur mineral suyu olan İstisu bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriya salınmışdır. Kəlbəcər rayonu İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə bütün dünyada tanınmışdır. Mənbələrə görə, İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ nəticəsində meydana çıxmışdır. Öz kimyəvi tərkibinə və bir çox digər xüsusiyyətlərinə görə İstisuyun dünyada analoqu yoxdur. Burada suyun temperaturu müsbət 58,8 dərəcədir. Suyun temperaturu səthdə müsbət 74, dərinlikdə isə 90 dərəcəyə çata bilir. İstisu mineral bulaqları 12 bulaqdan ibarətdir.