28
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Güllücə kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı Güllücə kəndinin təməlini qoymuşdur.
Ərazisi 388,44 hektar olacaq kənddə 3992 nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Güllücə və İlxıçılar kəndlərinin ərazisindən ibarət olacaq bu kənddə 1042 fərdi ev inşa ediləcəkdir. Birinci mərhələdə layihələndirilən ərazi 225 hektar olacaqdır. Buraya 113 ailənin köçürülməsi planlaşdırılır. Kənddə birinci mərhələdə inşa ediləcək 113 evin 22-si ikiotaqlı, 57-si üçotaqlı, 28-i dördotaqlı, 6-sı isə beşotaqlı olacaqdır. Bundan başqa, kənddə 480 şagird yerlik məktəb binası, 120 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, çoxfunksiyalı bina (poçt, bank filialı, ofis), mal-qara ferması, yanğınsöndürmə deposu (2 maşın yerlik), kənd meydanı, Bayraq meydanı, çörək sexi inşa olunacaqdır.