YANVAR – İYUN, 2024

17

May

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxış və şəhərin Baş planı ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxmış və şəhərin Baş planı ilə tanış olmuşdurlar. Belarus Prezidenti Aleksandr Lukaşenkoya işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verilmişdir.

Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaqdır. Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək rəqəmsal həllərdən istifadə etməklə ənənəvi şəbəkə və xidmətlərin daha səmərəli olmasının təmin edilməsi məqsədilə hazırlanmış “Ağıllı şəhər” konsepsiyası irəli sürülmüşdür.

Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaqdır. Baş plana əsasən təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaqdır. Tikiləcək Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaqdır. Kompleksdə İşğal və Zəfər muzeyləri yaradılacaqdır. Füzulidə müayinə və müalicənin yüksək səviyyədə aparılması üçün ən müasir tibbi avadanlıqla təchiz ediləcək 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa olunacaqdır.