26
Oktyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etmiş və hava limanının rəmzi açılışını bildirən lenti kəsmişdirlər. Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilmişdir. Açılış mərasimindən sonra dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olmuşdurlar.
Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunmuşdur və istənilən tip hava gəmisini qəbul etmək imkanlarına sahibdir. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılmışdır. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilmişdir. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılmış və sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılmışdır.