İYUL – DEKABR, 2023

28

Sentyabr

Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Cəbrayıl şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olmuşdur.

Ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi 33 binadan ibarətdir. Dördmərtəbəli və beşmərtəbəli binalarda ümumilikdə 712 mənzil olacaqdır. Onların 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 40–50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55–90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98–100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90–108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110–120 kvadratmetr təşkil edəcəkdir. Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcəkdir.