YANVAR – İYUN, 2022

26

May

“Cəbrayıl” enerji qovşağının təməl qoyulması

“Azərenerji” ASC-nin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da mərasimdə iştirak etmişdirlər. Prezident İlham Əliyev “Cəbrayıl” enerji qovşağının təməlini qoymuşdur.

“Cəbrayıl” enerji qovşağının inşası nəticəsində Qarabağ və Şərqi Zəngəzurun yeni yaradılmış ötürücü elektrik şəbəkəsinin etibarlılığı və dayanıqlılığı artırılacaqdır. İkinci mərhələdə Naxçıvanın ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi üçün “Cəbrayıl” qovşaq yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndinə 255 kilometr məsafədə ikidövrəli olmaqla 330 kilovoltluq ötürmə xətti çəkiləcək və 330 kilovoltluq “Şahtaxtı” yarımstansiyası tikiləcəkdir. Üçüncü mərhələdə isə Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa enerji qovşağının yaradılması üçün Naxçıvanın Türkiyəyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirtmək üçün Avropa enerji standartlarına uyğun əlavə çevirici yarımstansiya inşa ediləcək və Naxçıvandan Türkiyəyə 230 kilometr məsafədə ikidövrəli 400 kilovoltluq elektrik verilişi xətti çəkiləcəkdir.

“Cəbrayıl” yarımstansiyasının rəqəmsal idarəetmə sistemi yaradılacaqdır. Yarımstansiyada 330 və 110 kilovoltluq açıq, 10 kilovoltluq qapalı paylayıcı qurğular və müasir idarəetmə mərkəzi inşa olunacaqdır. Mövcud layihələrin yarımstansiyaya inteqrasiyası ilə bərabər, gələcəkdə burada genişlənmə imkanları nəzərə alınmaqla əlavə əsas və köməkçi qurğuların yerləşməsi də nəzərə alınacaqdır.