ŞUŞA
14
İyul2026
Azərbaycan və Slovakiya prezidentlərinin mətbuata bəyanatları
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış etmişdirlər.
Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan ilə Slovakiya arasında siyasi əlaqələr yüksək səviyyədə inkişaf edir və 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə uğurla icra olunur. Dövlət başçısı iqtisadiyyat, energetika, hərbi-texniki əməkdaşlıq və digər sahələrdə birgə layihələrin genişləndirildiyini qeyd etmişdir. Prezident İlham Əliyev Slovakiyanın Qarabağın bərpasında fəal iştirakını yüksək qiymətləndirərək Ağdam rayonunun Baş Qərvənd kəndində slovak şirkəti tərəfindən həyata keçirilən “Ağıllı kənd” layihəsini iki ölkə arasında əməkdaşlığın uğurlu nümunəsi adlandırmışdır.
Slovakiya Prezidenti Peter Pelleqrini Qarabağda qısa müddətdə həyata keçirilən bərpa və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını bildirmişdir. O, Slovakiya şirkətlərinin regionun yenidən qurulmasında iştirakından qürur duyduğunu və gələcəkdə də bu prosesə töhfə verməyə hazır olduqlarını vurğulamışdır. Peter Pelleqrini Azərbaycanın regionda sabitliyin və inkişafın təmin edilməsində mühüm rol oynadığını qeyd edərək enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırmışdır. O, 2027-ci ildən sonrakı dövr üçün uzunmüddətli enerji əməkdaşlığı ilə bağlı danışıqların davam etdirildiyini bildirmişdir.
Slovakiya Prezidenti həmçinin oktyabr ayından Bakı ilə Bratislava arasında birbaşa aviareyslərin fəaliyyətə başlayacağını və bunun iqtisadi, turizm və humanitar əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etmişdir. O, Slovakiyanın 2027–2028-ci illərdə NATO-nun Azərbaycandakı Əlaqələndirici Səfirliyi funksiyasını davam etdirəcəyini də diqqətə çatdırmışdır.
Dövlət başçıları Azərbaycan–Slovakiya münasibətlərinin strateji tərəfdaşlıq əsasında bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə etmişlər.

