FÜZULİ
14
İyun2021
“Aşağı Köndələnçay” su anbarında həyata keçirilmiş işlərlə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı “Aşağı Köndələnçay” su anbarında həyata keçirilmiş işlərlə tanış olmuşdurlar.
Ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbəyi vaxtilə 62 min hektar sahəni suvarmağa imkan vermişdir. 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal edildikdən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmuşdur. İşğal dövründə ermənilər tərəfindən torpaqlarımızda ekoloji terror törədilmiş, təsərrüfat işlərində suya ciddi ehtiyac olan mövsümlərdə suyun qarşısı kəsilmiş, daşqınlar zamanı və ya suya ehtiyac olmayan dövrlərdə isə anbarlardan su buraxılaraq ciddi fəsadlar törədilmişdir.

