İYUL – DEKABR, 2021

4

Oktyabr

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoymuşdur.

Cəbrayıl rayonunda yaradılacaq sənaye parkı 200 hektar ərazini əhatə edəcəkdir. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcəkdir. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılmışdır. Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulmuşdur. Parkın ərazisində kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılmışdır.

Sənaye Parkının yaxınlığında yaşayış məntəqəsi olmadığı üçün sosial zonada 150 nəfərlik konteyner şəhərciyi qurulacaqdır. Şəhərcikdə Parkın idarə olunması və rezidentlər üçün ofis binaları, inzibati heyət, rezidentlər, tikintini həyata keçirən mühəndis və fəhlələr üçün yaşayış binaları və xidmət obyektləri, tibb məntəqəsi, idman meydançası və digər infrastruktur yaradılacaqdır.