İYUL – DEKABR, 2023

24

Dekabr

Ağdamda “İmarət” kompleksində aparılan təmir-bərpa işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində “İmarət” kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olmuşdurlar.

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksinin bərpa edilməsi üçün işlərə başlanılmışdır. Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunmuş və işlərə başlanılmışdır. Konsepsiyaya əsasən kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcəkdir.

Xarici mütəxəssislərin Ağdama səfərləri çərçivəsində sahənin inspeksiyası və çəkilişləri aparılmış, arxiv materialları araşdırılmış, beynəlxalq təcrübəyə əsaslanaraq bərpa və dizayn layihələri hazırlanmışdır. Kompleks ümumilikdə 3,3 hektar ərazini əhatə edəcəkdir. “İmarət” kompleksindəki tarixi qəbiristanlıqda mövcud beş türbə qalığı tədqiqat sahəsinə daxil edilmişdir. Türbələrin içi və ətrafı erməni işğalçılarının bu abidələrin daxilində qurduğu donuzçuluq təsərrüfatının tullantılarından və digər qalıqlardan təmizlənmişdir. Kompleksin tam bərpası üçün vəsaitin Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur.