AĞDAM
4
Oktyabr2022
Ağdam şəhərində Dəmiryol və Avtovağzal Kompleksinin təməlqoyma mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərində Dəmiryol və Avtovağzal Kompleksinin təməlqoyma mərasimində iştirak etmişdirlər. Prezident İlham Əliyev kompleksin təməlini qoymuşdur.
İki mərtəbə və terrasdan ibarət olmaqla layihələndirilən kompleksə dəmiryol vağzalı və avtovağzal daxildir. Kompleks vahid nəqliyyat qovşağı şəklində milli arxitektura üslubunda dizayn edilmişdir. Eyni zamanda, kompleksin tikintisində milli ornamentlər əsas götürülməklə, şüşə elementlərdən geniş istifadə olunacaqdır. Kompleks Ağdam rayonunun logistik imkanlarını genişləndirəcəkdir. Dəmiryol vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcəkdir. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcəkdir. Kompleksdə gözləmə zalları, bilet kassaları, tibb və polis məntəqələri, ana və uşaq otağı, əl yüklərini saxlama kamerası, texniki otaqlar, mağazalar, uşaqlar üçün əyləncə zonası, restoran və istirahət guşələri yaradılacaqdır.