İYUL – DEKABR, 2023

26

Sentyabr

ABŞ Dövlət katibi Antoni Blinken ilə Prezident İlham Əliyev arasında telefon danışığı

Sentyabrın 26-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir. Telefon söhbəti zamanı dövlətimizin başçısı 24 saatdan az müddətdə yekunlaşan antiterror tədbirləri zamanı yalnız hərbi obyektlərin hədəf alındığını, mülki əhaliyə zərər verilmədiyini diqqətə çatdırmışdır.

Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesinin həyata keçirildiyi və onların Azərbaycan ərazisindən çıxarılması işinin həyata keçirildiyi ABŞ tərəfinə bildirilmişdir. Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi nümayəndələrinin və BMT-nin Rezident Əlaqələndirici Ofisinin nümayəndəsinin toplanmış silah və hərbi texnikaya baxış keçirdiyi qeyd olunmuşdur.

Prezident İlham Əliyev Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin edilməsi məqsədilə hazırda müvafiq iş aparıldığını vurğulamışdır. Erməni sakinlərə yardımların göstərilməsi istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlığın həyata keçirildiyi, ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə Azərbaycan tərəfinin hazır olduğu diqqətə çatdırılmışdır.