YANVAR – İYUN, 2022

10

May

Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməl qoyulması

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak etmişdirlər. Prezident İlham Əliyev xəstəxananın təməlini qoymuşdur.

Xəstəxanada əsasən üç bölmənin – inzibati, stasionar və ambulator xidmət bölmələrinin yaradılması nəzərdə tutulmuşdur. Stasionar xidmət bölməsindəki qəbul mərkəzində 40 çarpayılıq terapiya, o cümlədən kardiologiya və nevrologiya şöbələri fəaliyyət göstərəcəkdir. Burada, həmçinin cərrahiyyə, travmatologiya-ortopediya, LOR, əməliyyat bloku, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya və hemodializ şöbələri yaradılacaqdır. Ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaqdır. Müalicə ocağı maqnit rezonans tomoqrafiya və digər ən müasir tibbi avadanlıqla təmin olunacaqdır. Xəstəxana binasının zirzəmisi zəruri hallarda sığınacaq və hərbi hospital təyinatına malik strukturda inşa ediləcəkdir.