İYUL – DEKABR, 2022

20

Oktyabr

“Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi

Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilmiş və əraziyə 15 baş ceyran buraxılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak etmişdirlər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev kompleksdə görüləcək işlərlə bağlı dövlət başçılarına məlumat verərək bildirilmişdir ki, işğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə qəbul edilmiş Azərbaycan-Türkiyə/Qarabağ Tədbirlər Planına uyğun olaraq bir sıra ikitərəfli tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Bu tədbirlər çərçivəsində, həmçinin “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması nəzərdə tutulmuşdur.

Bu məqsədlə yerli və türkiyəli mütəxəssislərlə birlikdə Cəbrayıl rayonunun Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun ətrafında 40 hektar ərazi seçilmişdir. Ərazi dəniz səviyyəsindən 603 metr yüksəklikdə, Bakı şəhərindən 340 kilometr, Zəngilan Beynəlxalq Hava Limanından 72 kilometr, Füzuli Beynəlxalq Hava Limanından isə 35 kilometr məsafədə yerləşir. Layihə ərazisində torpaq qazma və doldurma işlərinə bu il iyunun 20-də başlanılmış və layihənin 2024-cü il iyulun 1-də tam yekunlaşdırılmaqla istismara verilməsi nəzərdə tutulmuşdur.

Kompleksdə üç mərtəbədən ibarət Meşə Təlim Mərkəzində konfrans zalı, təlim otaqları, qonaq evi, ikimərtəbəli inzibati bina, laboratoriya, yeməkxana, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” yaradılacaqdır. Mərkəzin elektrik təchizatı üçün 180 kilovat gücündə Günəş Elektrik Stansiyasının quraşdırılması planlaşdırılır.