İYUL – DEKABR, 2022

4

Oktyabr

Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etmişdirlər. Prezident İlham Əliyev yaşayış məhəlləsinin təməlini qoymuşdur.

Dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlərlə bağlı məlumat verən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirmişdir ki, Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulmuşdur. Təməli qoyulan yaşayış məhəlləsinin salınması üçün 6,9 hektar torpaq sahəsi ayrılmışdır. Ərazi şəhərin şimal-şərqində yerləşir. Şərqdən Üzərliktəpə tarixi arxeoloji abidəsi, qərbdən isə şəhərin tarixi mərkəzi ilə əhatələnmişdir. Həmçinin “İmarət” adlanan tarixi ərazi də məhəllənin yaxınlığındadır.

Layihə üzrə yaşayış binaları 4-7 mərtəbəli olacaqdır. Burada 1139 mənzil inşa ediləcəkdir. Yaşayış məhəlləsində 3068 nəfər məskunlaşdırılacaqdır. İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənilmişdir.