YANVAR – İYUN, 2021

14

İyun

“Şükürbəyli” yarımstansiyasının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də yenidən qurulan 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımstansiyasının məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə açılışını etmişdir.

İşğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulmuşdur. Bu məqsədlə yarımstansiyanın gücü artırılmaqla yanaşı, 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək daha müasir formada yenidən tikilmışdir. Burada yeni avadanlıqla komplektləşdirilmiş mühafizə və avtomatika sistemləri ilə təchiz edilən İdarəetmə Mərkəzi yaradılmış və lokal mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılmışdır.  “Şükürbəyli” yarımstansiyasına İmişli yarımstansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq xətt çəkilmişdir. Eyni zamanda, “Şükürbəyli” yarımstansiyasından Şuşaya 75 kilometrlik ikidövrəli 110 kilovoltluq xətt çəkilmiş və həmin xətt Füzuli şəhərində yeni tikilən 110 kilovoltluq yarımstansiya ilə əlaqələndirilmişdir. Paralel olaraq hazırda “Şükürbəyli” yarımstansiyasından Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yeni tikilən 110/35/10 kilovoltluq yarımstansiyalara ikidövrəli 110 kilovoltluq yüksək gərginlikli elektrik veriliş xətti çəkilmişdir.