AĞDAM
14
İyul2026
Baş Qərvənd kəndində görülən işlərlə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olmuşdurlar.
Baş Qərvənd kəndi Bərdə–Ağdam avtomobil yolunun və Bərdə–Ağdam dəmiryol xəttinin sağ tərəfində, Ağdam şəhərinin mərkəzindən 18 kilometr məsafədə yerləşir. Uzun illər erməni işğalı altında qalan kənd 2020-ci il noyabrın 20-də azad edilmişdir. Prezident İlham Əliyev kəndin təməlini 2023-cü il dekabrın 24-də qoymuşdur.
Ümumi ərazisi 480 hektara yaxın olan kəndin tikintisi iki mərhələdə aparılacaqdır. Birinci mərhələ 200 hektardan çox sahəni əhatə edəcək və bu mərhələdə 3703 nəfərin yaşayışı üçün 851 fərdi ev inşa olunacaqdır. Evlərdən 170-i ikiotaqlı, 417-si üçotaqlı, 145-i dördotaqlı, 119-u isə beşotaqlı olacaqdır.
Hazırda kənddə zəruri sosial infrastruktur qurulur, inzibati və xidmət binaları inşa edilir. Burada çoxfunksiyalı inzibati bina, tibb məntəqəsi, tam orta məktəb və uşaq bağçaları olacaqdır. Kənddə ümumi uzunluğu 35 kilometr olan avtomobil yolları çəkilir, rabitə sistemi, elektrik, qaz, içməli su və çirkab suların axıdılması şəbəkələri yaradılır. Enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaqdır.
Dövlət başçıları görülən işlərlə tanışlıq çərçivəsində kənddə inşa edilmiş evdə yaradılan şəraitlə də tanış olmuşdurlar.

