XOCAVƏND
11
İyul2026
Quzeyxırman kəndinə səfər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olmuşdur.
Quzeyxırman və Güneyxırman kəndləri Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairələrində yerləşir. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş kəndlər 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində işğaldan azad edilmişdir.
Güneyxırman kəndində ümumilikdə 549 fərdi ev vardır. Onlardan 170-i yararsız, 379-u isə qismən yararlıdır. Artıq 50 ev istismara hazırdır, 147 evdə təmir işləri davam edir. Digər 182 evdə təmir-bərpa işlərinin aparılması ilə bağlı hazırlıq görülür. Bir neçə gün əvvəl kəndə 18 ailə (72 nəfər) qayıtmışdır.
Quzeyxırman kəndində 447 fərdi ev vardır. Onlardan 65-i yararsız, 382-si isə qismən yararlıdır. Ümumilikdə 244 ev üzrə təmir-bərpa işlərinə başlanılmış, onlardan 100-ü artıq istismara hazır vəziyyətə gətirilmişdir. Digər 144 evdə görülən işlər növbəti aylarda yekunlaşdırılacaqdır. Qalan 138 evdə isə təmir-bərpa işlərinə hazırlıq görülür. İlkin mərhələdə kəndə 21 ailə (87 nəfər) qayıtmışdır.
Dövlətimizin başçısı Quzeyxırman kəndində İsa Gözəlovun evində olmuş, daha sonra hər iki kəndə qayıdan sakinlərlə görüşmüşdür. Sonda xatirə şəkilləri çəkdirilmişdir.

