ŞUŞA
11
İyul2026
Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olmuşdur.
“Yasəmən” hotelinin açılışı 2023-cü ildə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olmuşdur. Orijinal görkəminə uyğun üslubda bərpa edilən hotelin eksteryer və interyeri Şuşanın orta əsr memarlıq üslubuna uyğun layihələndirilmişdir. XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbi tərzində inşa edilmiş bina işğal zamanı dağıdılmışdır. Heydər Əliyev Fondu tərəfindən binada layihələndirmə və bərpa işləri aparılmış, 2023-cü ildən hotelin iki korpusu qonaqları qəbul etməyə başlamışdır. Hazırda isə “Yasəmən” hotelinin yeni korpusları olan daha dörd binada bərpa və tikinti işləri görülmüşdür.
Bərpa layihəsində qədim Şuşa evlərinin memarlıq xüsusiyyətləri əsas götürülərək yeni konsepsiya əsasında planlaşdırma aparılmışdır. Butik konseptli yeni korpuslarda aynabənd və terras zonaları da yaradılmışdır. Qapı və pəncərələr bərpadan əvvəlki arxiv fotoşəkillərinə əsasən orijinal memarlıq üslubuna uyğun yenidən hazırlanmışdır. Həyətyanı sahədə yaşıllaşdırma və abadlaşdırma işləri aparılmışdır.

