ŞUŞA
11
İyul2026
Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanışlıq və sakinlərlə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmuş, kəndə qayıdan sakinlərlə görüşmüşdür.
Kiçik Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsinə daxildir və rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində isə azad edilmişdir. İşğaldan əvvəl kənd sakinləri əsasən heyvandarlıq, tərəvəzçilik və arıçılıqla məşğul olmuş, burada orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərmişdir.
Kiçik Qaladərəsi kəndindəki 66 fərdi evdən 19-u yararsız, 47-si isə qismən yararlı vəziyyətdədir. Qismən yararlı evlərdən 26-sı artıq istismara hazır vəziyyətə gətirilmiş, qalan 21 evin bərpasının isə gələn il başa çatdırılması nəzərdə tutulmuşdur. İlkin mərhələdə kəndə 15 ailə (51 nəfər) qayıtmış, ilin sonunadək isə daha 11 ailənin (45 nəfərin) qayıtması nəzərdə tutulmuşdur.
Kənddə sosial infrastrukturun yaradılması istiqamətində bir sıra işlər görülmüşdür. Burada yeni qaz və su xətləri çəkilmiş, artezian quyusu bərpa edilmiş, 26 fərdi ev su şəbəkəsinə qoşulmuşdur. Həmçinin transformator məntəqəsi quraşdırılmış, elektrik hava xətləri bərpa olunmuş, kənddaxili yollar asfaltlanmış, sakinlərin istirahəti üçün park və bayraq meydanı salınmışdır.
Dövlətimizin başçısı kənd sakini Əsəd Əsədovun evində olmuş, daha sonra kəndə qayıdan sakinlərlə görüşmüşdür. Sonda xatirə şəkli çəkdirilmişdir.

