ŞUŞA
28
MAY2026
Böyük Qaladərəsi kəndində görülən işlərlə tanışlıq və sakinlərlə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmuş, kəndə qayıdan sakinlərlə görüşmüşdür.
Böyük Qaladərəsi kəndində yaşayış üçün zəruri şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunmuşdur. Burada transformator quraşdırılmış, yeni elektrik xətləri çəkilmiş, mövcud xətlər bərpa olunmuşdur. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılmışdır. Bundan başqa, kənddə yeni qaz xətti çəkilmiş, sayğacların quraşdırılması işlərinə başlanılmışdır. Sakinlərin içməli su ilə təmin olunması istiqamətində də işlər görülmüş, paylayıcı su xətləri çəkilmiş və sayğaclar quraşdırılmışdır. Kənddaxili yollar abadlaşdırılmış, sakinlərin istirahəti üçün park salınmış, bayraq meydanı yaradılmışdır. Hazırda kənddə rabitə xətlərinin çəkilməsi işləri davam etdirilir.
Kənddə ümumilikdə 50 fərdi ev vardır. Onlardan 13-ü istismara yararsız, 37-si isə qismən yararlıdır. Birinci mərhələdə artıq 17 ev bərpa olunmuş və kəndə 64 nəfər (14 ailə) qayıtmışdır. Növbəti mərhələdə daha 20 evin bərpası planlaşdırılır.
Görüş zamanı Prezident İlham Əliyev sakinləri Qurban bayramı və Müstəqillik Günü münasibətilə təbrik etmiş, onlara doğma Qarabağ torpağında rahat və xoşbəxt həyat arzulamışdır. Sakinlər isə doğma yurdlarına qayıtdıqları üçün dövlət başçısına minnətdarlıqlarını bildirmişdirlər. Sonda xatirə şəkilləri çəkdirilmişdir.

