ZƏNGİLAN
10
MAY2026
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak etmişdir.
Yaşayış kompleksinin ümumi ərazisi 2 hektardan artıqdır. Burada 12 bina inşa olunmuşdur. Onlardan 4-ü üçmərtəbəli olmaqla 60 mənzilli, 8-i isə ikimərtəbəli “townhouse” tipli olmaqla 44 mənzilli evlərdir. Kompleksdə ümumilikdə 104 mənzil vardır ki, onlardan da 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçün nəzərdə tutulmuşdur. Mənzillər 2, 3, 4 və 5 otaqlıdır.
Yaşayış kompleksində sakinlərin rahatlığı üçün bir sıra işlər görülmüşdür. Ərazidə uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılmışdır. Zəngilanın Baş planına əsasən yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, məktəb, körpələr evi-uşaq bağçası və parkın yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.

