AĞDAM
8
Noyabr2025
Zəfər muzeyinin açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər muzeyinin açılışında iştirak etmişdirlər.
Zəfər muzeyi Prezident İlham Əliyevin 2020-ci ilin dekabrında “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmışdır.
Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilmişdir. Burada 8 ekspozisiya zalı yaradılmışdır: “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş”.
Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilmişdir. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını təcəssüm etdirir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərimizin adları vardır.
Ekspozisiya zalının çıxışındakı “Danışan fotolar” adlı bölmədə isə Zəfərin hekayəsini və ruhunu əks etdirən fotolar yer almışdır. Burada qonaqlar üçün xatirə kitabı da yerləşdirilmişdir. Muzeydə, eyni zamanda, auditoriya zalı, kitabxana və kafe yaradılmışdır. Auditoriya zalında seminar və konfransların, müxtəlif ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Muzeyin kitabxanasında Azərbaycan tarixinə, mədəni irsinə, artıq keçmişdə qalan Ermənistan–Azərbaycan münaqişəsinə, eləcə də Qarabağın bərpasına və inkişafına dair kitablar, araşdırma materialları təqdim olunur.

