YANVAR – İYUN, 2023

4

May

Zilanlı kəndinin təməlqoyma mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı rayonunun Zilanlı kəndinin təməlqoyma mərasimində iştirak etmişdir. Mərasim zamanı Prezident İlham Əliyev Zilanlı kəndinin təməlini qoymuşdur.

Kənd Qubadlı rayonunun mərkəzindən 20 kilometr məsafədə, Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşir. Zilanlı Zəngilan rayonunun Ağalı kəndi ilə qonşudur. Kəndin layihələndirilən ümumi ərazisi 180 hektardır. Birinci mərhələdə burada 159 evin tikintisi və 772 nəfərin məskunlaşdırılması nəzərdə tutulmuşdur. Tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaqdır. Gələcəkdə bu kənddə 2520 nəfərin (630 ailə) yaşaması planlaşdırılmışdır. Zilanlı kənd inzibati ərazi dairəsində yerləşən Kürd Mahmudlu və Seləli kəndləri də bu yaşayış məntəqəsinə daxil olmaqla layihələndirilmişdir.