YANVAR – İYUN, 2023

8

May

“Zarıslıçay” nasos stansiyasının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 8-də Daşaltı kəndində “Zarıslıçay” nasos stansiyasının açılışında iştirak etmişdirlər. Mərasim zamanı dövlətimizin başçısı nasos stansiyasını işə salmışdır.

Şuşa şəhərin perspektiv inkişafı nəzərə alınaraq, həmçinin ilin müəyyən dövrlərində şəhəri su ilə təmin edən Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılmışdır. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr təşkil edən sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 millimetr, uzunluğu 2,9 kilometr olan yeni təzyiqli kəmər inşa edilmiş, eyni zamanda, diametri 325 millimetr, uzunluğu 9,3 kilometr olan Kiçik Kirs–Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi diametri 530–426 millimetr olan borularla əvəzlənmişdir. 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsi 25 min nəfərin tələbatının ödənilməsinə hesablanmışdır.