KƏLBƏCƏR
2
Sentyabr2024
“Zar” və “Toğanalı” kiçik su-elektrik stansiyalarının açılış mərasimləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunda “AzərEnerji” ASC-nin 4,3 MVt gücündə “Zar” kiçik su-elektrik stansiyasının (KSES-in) açılışında iştirak etmiş və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışını etmişdir.
Kəlbəcər rayonunda “AzərEnerji” ASC tərəfindən 4,3 meqavat gücündə “Zar”, Göygöl rayonunda isə 4,1 meqavat gücündə “Toğanalı” kiçik su-elektrik stansiyaları cəmi bir il ərzində tikilmişdir. İnnovativ mühəndislik işi sayılan bu stansiyaların maşın zallarında Avropa istehsalı olan turbin, generator və məsafədən idarəetmə üçün rəqəmsal avadanlıqlar quraşdırılmışdır. Stansiyalar 24 damarlı fiber-optik kabel xətləri ilə ölkənin mərkəzləşmiş optik kabel şəbəkəsinə və SCADA sisteminə inteqrasiya olunmuşdur.
Bu elektrik stansiyalarını su ilə təchiz etmək üçün “AzərEnerji” tərəfindən Zar və Kürəkçay çaylarının üzərində ekoloji normalar daxilində baş suqəbuledici qurğular inşa edilmişdir. Bu məqsədlə çaylarda yaşayan canlıların, ümumilikdə flora və faunanın qorunmasını təmin etmək üçün xüsusi hidrotexniki qurğular tikilmişdir. Ümumilikdə hər iki stansiya üçün çətin relyefdə 14 min metr derivasiya boruları çəkilmiş və çay ekosisteminin qorunmasına xüsusi önəm verilmişdir. “Zar” və “Toğanalı” KSES-lərdə ümumilikdə 25 milyon kilovat-saatadək yaşıl enerjinin istehsal olunması nəzərdə tutulur ki, bu da 5,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.
