20
Oktyabr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak etmişdirlər. Tədbir zamanı prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırdıqdan sonra komplekslə tanış olmuşdurlar.
“Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulmuşdur.
Layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilmişdir. Kompleksə 3500 baş cins qaramal gətirilmiş və əkinçilik məhsullarının istehsalı həyata keçirilmişdir. Hər iki prezidentin iştirakı ilə ötən il əkini aparılan buğda və arpanın biçini başa çatdırılmışdır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “Dost Aqropark”ın bölgəyə gətirdiyi, otlaqlarda bəslənərək yetişdirilən və kəsimi aparılmış heyvanlardan alınan ət məhsullarının paketlərinin üzərinə “Made in Qarabağ” etiketlərinin ilk nümunələrini vurmuşdurlar. Dövlət başçıları “Dost Aqropark”ın nəzdində yaradılan Zəngəzur Ağır Atletika Klubunun açılışında da iştirak etmişdirlər.
“Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər də sürətlə davam etdiriləcəkdir. Layihənin bütün mərhələlərinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaqdır. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcəkdir. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcəkdir. Qarabağda istehsal olunan məhsulların “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılması üçün “Aqro Market” də qurulacaqdır.
Ağıllı kənd təsərrüfatı texnologiyalarının, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunacağı “Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcəkdir. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaqdır. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaqdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış etdikdən sonra “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını bildirən lenti kəsmişdirlər.