İYUL – DEKABR, 2023

28

Sentyabr

Zəngilanda “Cahangirbəyli” su-elektrik stansiyasının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Cahangirbəyli” su-elektrik stansiyasının açılışında iştirak etmişdir. Açılış zamanı dövlətimizin başçısı “Cahangirbəyli” su-elektrik stansiyasını işə salmışdır.

İşğaldan azad olunan ərazilərdə yeni “yaşıl enerji” potensialının yaradılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2022-ci ilin payız aylarında “AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan su-elektrik stansiyaları (SES) silsiləsinin tikintisinə başlanılmışdır. Artıq “Sarıqışlaq”, “Şayıflı” və “Zəngilan” SES-lərdə işlər yekunlaşmaqdadır, “Cahangirbəyli” SES-də isə işlər tamamlanmışdır.