2
İyul
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edərək tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsmişdir. Tankerə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən azad edilən əzəli və əbədi Azərbaycan torpağı Zəngilanın adı verilmişdir.
“Zəngilan” Bakı gəmiqayırma zavodunda inşa olunan sayca dördüncü milli tankerdir. Bundan əvvəl istismara verilən “Laçın” və “Kəlbəcər” tankerlərindən fərqli olaraq “Akademik Xoşbəxt Yusifzadə” tankeri kimi “Zəngilan” ilə də həm neft, həm də kimyəvi məhsullar daşınacaqdır. Yeni nəsil tankerin uzunluğu 141 metr, eni 16,9 metr, bortunun hündürlüyü isə 6 metrdir. Saatda 10 knot sürətlə hərəkət edə biləcək tanker 15 nəfərlik heyət tərəfindən idarə olunacaqdır. Tanker ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir. Dedveyti isə 7875 ton təşkil edir.