YANVAR – İYUN, 2024

18

May

“Zəngilan” və “Şayıflı” su-elektrik stansiyalarının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” və “Şayıflı” su-elektrik stansiyalarının açılışlarını etmişdir.

“AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə ümumi gücü 42 meqavat olan “Zəngilan” su-elektrik stansiyaları silsiləsi layihələndirilərək qısa vaxt ərzində tikilmişdir. İşğaldan azad edilən ərazilərdə ən böyük silsilə su-elektrik stansiyası olan Zəngilan silsiləsindən “Cahangirbəyli” SES 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilmişdir. “Şayıflı” və “Zəngilan” SES-lər açılışa hazır vəziyyətə gətirilmiş, “Sarıqışlaq” SES-də isə işlər başa çatdırılmışdır.

Hər birinin gücü 10,5 meqavat olmaqla ümumi gücü 21 meqavat olan “Zəngilan” və “Şayıflı” SES-lər üçün maşın zalları tikilmişdir. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Zəngilan” və “Şayıflı” SES-lərdə rəqəmsal qaydada məlumatların axını mərkəzə ötürülməklə yanaşı, məsafədən idarəedilməsi təmin olunmuşdur. Bunun üçün mikro SCADA sistemi yığılmış, 25 kilometr məsafədə yüksəkgərginlikli yeni elektrik verilişi xətləri və 24 damarlı optik kabel xətti çəkilmişdir.