10
May
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışında iştirak etmişdirlər.
Ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısında olan Yuxarı Gövhər Ağa məscidində 2021-ci ilin sonlarından aparılan bərpa işləri başa çatmışdır. Bu günədək məsciddə möhkəmləndirmə işləri görülmüşdür. İşğal dövründə məscidə ermənilər tərəfindən edilmiş müdaxilələr aradan qaldırılmışdır. Şuşa şəhərindən Bakıya gətirilmiş sal qaya parçalarından emalatxanada pəncərə haşiyələrinin daş kəsimi və fiqur hazırlanması işləri aparılmışdır. Minarələrin boya işləri və qoruyucu qatın tətbiqi yekunlaşmış, məscidin dam örtüyünün qurulması həyata keçirilmişdir. Bərpa işləri mədrəsə binasını da əhatə etmişdir. Məscidin mədrəsə hissəsində taxta dam konstruksiyanın qurulması işləri tamamlanmışdır. Mövcud döşəmə örtüyünün sökülməsi və qalıqların təmizlənməsi işləri başa çatdırılmışdır.