ŞUŞA
27
MART2025
Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olmuşdurlar.
Məscidin təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulmuşdur. Məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi göz oxşayacaqdır. Onun memarlıq həlli rəmzi xarakter daşıyır. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə məscidin forması 8 rəqəmini əks etdirəcək və bu, noyabrın 8-də Şuşanın işğalçılardan azad olunmasını, Zəfər Gününü təcəssüm etdirəcəkdir.
Məscidin iki minarəsi isə 11 rəqəmini əks etdirəcəkdir. Bu, Şuşanın və Qarabağın işğaldan 11-ci ayda azad edilməsinin rəmzidir. Minarələrin hündürlüyü isə 72 metr olacaqdır. Şuşanın yuxarı hissəsində inşa edilən məscid həm də şəhərin ən uca yerində olacaqdır.
Məscidin layihəsi azərbaycanlı və italiyalı memarların birgə əməkdaşlığı ilə hazırlanmışdır. Bu ibadət ocağının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcəkdir. Hazırda ərazidə dəmir-beton, metalkonstruksiya və elektrik işləri davam etdirilir.
