XƏBƏRLƏR HAQQIMIZDA VİDEOLAR
EN
RU
ES

XOCALI

26

Fevral

2026

Xocalı Soyqırımı Memorialının açılış mərasimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak etmişdirlər. Memorial kompleksi Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılmışdır. Layihə Heydər Əliyev Fondunun hazırladığı konsepsiya əsasında reallaşdırılmışdır.

Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalları yaradılmışdır. Ekspozisiyada ziyarətçiləri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş faciənin dəhşətlərini əks etdirən “Faciənin siması” instalyasiyası qarşılayır. Ekspozisiya zalındakı Xocalı maketi üzərində həmin gecə baş verən hadisələr interaktiv formada təqdim edilir. İkinci ekspozisiya zalında isə tamamilə məhv edilmiş səkkiz ailənin taleyi, yarımçıq qalan həyat hekayələri və sükuta qərq olan uşaq gülüşləri müasir texnologiyalar vasitəsilə çatdırılır.

Memorial kompleksində Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülmüş işlər, müxtəlif dillərdə nəşrlər və informasiya materialları nümayiş olunur. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə ucaldılmış abidələrin maketləri də burada təqdim edilir. Ekspozisiya 44 günlük Vətən müharibəsi, dövlət suverenliyinin bərpası və “Böyük Qayıdış” prosesi ilə bağlı məlumatlarla tamamlanır. Memorialın digər bölməsində rəsmi tədbirlər və anım mərasimləri üçün nəzərdə tutulan akt zalı yerləşir.

Memorial kompleksi memarlıq baxımından da dərin rəmzi məna daşıyır. Kompleksi dörd tərəfdən əhatə edən monolit elementlər Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilmişdir. Memorialın həyətində isə “Xocalıya ədalət!” kampaniyasının rəmzi olan badam çiçəyini təcəssüm etdirən badam ağacları əkilmişdir. Memorialın açılış mərasimində Prezident İlham Əliyev çıxış etmişdir. Dövlət başçısı Xocalı soyqırımını xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi dəyərləndirmiş, ədalətin Azərbaycan dövlətinin gücü və qətiyyəti ilə bərpa olunduğunu bildirmişdir. Mərasimdə Xocalı sakinləri də çıxış edərək doğma yurdlarına qayıtmağın qürurunu və memorialın açılışının onlar üçün böyük mənəvi əhəmiyyət daşıdığını ifadə etmişdirlər.

Qarabağa baxış

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Erməni cinayətləri

Azərbaycan mədəni irsi və təbii sərvətlərinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Xocalı bu gün

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdiyi cinayətlər və vandalizm

Şuşa bu gün

Vətən bağı aləlvandır, ətrin gəlir, Xarıbülbül

44 günlük müharibə

Bütün müharibələri bitirmək üçün müharibə

Virtual Qərbi Azərbaycan

Qərbi Azərbaycanda Oğuz-Türk irsi