YANVAR – İYUN, 2024

28

May

Xocalı şəhərinə köçən sakinlərlə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşmüşdürlər. Dövlətimizin başçısı və birinci xanım sakinlərlə söhbət etdikdən sonra evlərin açarlarını sakinlərə təqdim etmişdirlər.

Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva sakinlərlə birlikdə Xocalı şəhərini gəzərək şəhərdə, daha sonra isə Sənətkarlar məhəlləsinə “AzeRobot Education” robototexnika tədris mərkəzinin Xocalıdakı filialında, “Nakhishli” atelyesində, “Gilabi Ceramic” emalatxanasında, “Sariban” peşə inkişaf mərkəzinin filialında aparılan işlərlə tanış olmuşdurlar. Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyevaya Xocalı şəhərinin Baş planı barədə məlumat verilmişdir.

Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri yerin altına salınmış, ilk 50 evə birləşmələr verilmişdir. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilmişdir. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində – çay kənarında bulvarın salınması işləri davam edir. Bulvar ilə üzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir.

Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunmuşdur. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınmışdır. Həmçinin idman kompleksində tamamlanma işləri görülür. Kompleksdə şahmat, cüdo, güləş, gimnastika, stolüstü tennis, basketbol, minifutbol, badminton ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaqdır. İnfrastruktur işlərinin yaxın müddətdə tamamlanması nəzərdə tutulur.