XOCALI
18
İyul2025
Xocalı kərpic zavodunun açılış mərasimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Xocalı kərpic zavodunun açılışında iştirak etmişdir.
Bu istehsal müəssisəsi rayonun Daşbulaq kəndində inşa olunmuşdur. Zavodda müasir alman və Türkiyə texnologiyaları, eyni zamanda, enerji səmərəliliyinə və ətraf mühitin qorunmasına yönəlmiş texnologiyalar tətbiq olunur. Zavod üçün əsas xammal mənbəyi Xocalı şəhərinin yaxınlığında yerləşən “Xocalı” gil yatağıdır. Müəssisənin sahəsi bir hektara yaxındır. Bundan əlavə, 6,5 hektar ərazi xammalın saxlanılması üçün ayrılmışdır.
Layihə dəyəri 8,5 milyon manat olan müəssisədə 60 nəfər daimi işlə təmin edilmişdir. İşçilərin əksəriyyəti işğaldan azad edilmiş rayonların sakinləridir. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur. Müəssisənin illik istehsal gücü 16,2 milyon ədəd kərpic təşkil edir.
